Nailiyyətlər

Ötən müddət ərzində institutda: pambıqçılıq, tərəvəzçilik və üzümçülük üzrə perspektiv texnoloji maşınlar kompleksi işlənmişdir; keçmiş SSRİ-nin maşınlar sisteminin layihəsinə 36 ədəd maşın salınmışdır ki, bunlardan da 6 ədədi dağ əkinçiliyi və heyvandarlıq üzrə olmuşdur; 30 adda maşın, qurğu və qabaqcıl texnologiya tətbiq olunmuşdur; 124 namizədlik, 6 doktorluq dissertasiyası müdafiə edilmişdir; 1550-dən çox elmi məqalə dərc edilmiş, mütəmadi olaraq institutun elmi əsərlər məcmuəsi və gənc aspirant və dissertantların elmi əsərləri dərc edilmişdir.

Bütövlükdə götürdükdə öz fəaliyyəti dövründə institutun əməkdaşları tərəfindən 350-dən artıq ixtiraya keçmiş Sovetlər İttifaqı, Rusiya Federasiyası və Azərbaycan respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, yeni texnologiya və maşın kompleksi, 30 ədəd tövsiyə işlənib hazırlanmışdır.

2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə institut tərəfindən layihələndirilərək hazırlanmış müxtəlif təyinatlı 7 ədəd maşının təcrübi nümunəsi Gəncə Dövlət Maşın Sınaq Stansiyası tərəfindən sınaqdan keçirilmişdir ki, bunlardan da 3 ədədinin işi müsbət qiymətləndirilmiş və təsərrüfatlara tövsiyə olunmuşdur.

Layihə əsasında respublikanın Şəmkir Rayonunun Qaracəmirli kəndində fermer E.Bayramovun təsərrüfatında isə bioqaz qurğusu quraşdırılaraq istifadəyə verilmişdir. Gələcəkdə bu qurğunun alternativ enerji mənbəi kimi digər təsərrüfatlarda da tətbiqi nəzərdə tutulur.

Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır.

1980-ci il dekabrın 16-da Ümummilli liderimiz Heydər Əliyev Gəncədə (keçmiş Kirovabad ş.) olarkən institutun alimləri tərəfindən hazırlanmış müxtəlif adda qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir.

Bütün bunların nəticəsi idi ki, institut 1986-ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bayrağını almış, 1986-87-ci illərdə isə keçmiş Sovetlər İttifaqı ET İnstitutları arasında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur.

2 nəfər əməkdaşa əməkdar ixtiraçı, 2 nəfərə əməkdar mühəndis, 2 nəfərə əməkdar kənd təsərrüfatı işçisi fəxri adları verilmiş, 1 nəfər “Şöhrət Ordeni”, 1 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.