“AQROMEXANİKA” ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN QISA İNKİŞAF TARİXİ

Русская версия: КРАТКАЯ ИНФОРМАЦИЯ О НАУЧНО – ИССЛЕДОВАТЕЛЬСКОМ ИНСТИТУТЕ «АГРОМЕХАНИКА»

English: BRIEF DEVELOPMENT HISTORY OF «AGROMECHANICS»SCIENTIFIC – RESEARCH INSTITUTE

“Aqromexanika“ Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli 28 saylı qərarı əsasında o zaman Respublikada fəaliyyət göstərən kənd təsərrüfatı elmi – tədqiqat institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu ( Az. ETKTMEİ ) adı altında yaradılmışdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 may 1997-ci il tarixli 135 saylı əmri ilə institut “Aqromexanika” Elm-İstehsalat Mərkəzi, 16 dekabr 1999-cu il tarixdən isə Nazirlər Kabinetinin 190 saylı qərarı ilə Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” İnstitutu adı altında Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzinin struktur tabeçiliyində büdcədən maliyyələşən və qismən təsərrüfat hesablı dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir.

Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Aqrar Elmi Mərkəzinin və onun tabeliyindəki elmi- tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında 17 aprel 2015-ci il tarixli 109 saylı qərarı ilə institutun adı yenidən dəyişdirilərək həmin institutun hüquqi varisi olmaqla “Aqromexanika” Elmi- Tədqiqat İnstitutu adlandırılmış və Respublika Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilmişdir.

İnstitutun əsas məqsədi ölkənin aqrar strategiyasını – ərzaq təhlükəsizliyini öz fəaliyyəti çərçivəsində həyata keçirməkdən ibarətdir. Bu məqsədlə institutun qarşısında duran əsas vəzifə bitkiçiliyin (dağ əkinçiliyi də daxil olmaqla) və heyvandarlığın kompleks mexanikləşdirilməsi üçün maşınlar kompleksinin və innovativ enerji və resursqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi, yeni nəsil texniki avadanlıqların yaradılması, normativlərin işlənməsi, texniki servis və təmir xidmət bazalarının işinin yaxşılaşdırılması, alternativ alternativ və bərpa olunan enerji resurslarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı və təkrar emalı üzrə mütərəqqi resurs, enerjiqoruyucu və ekoloji təmiz texnologiyaların və texniki vasitələrin işlənməsindən ibarətdir.

Yaradıldığı dövrdə institutun strukturunda “Torpaq becərən, səpən və basdıran maşınlar”, “Yığan maşınlar və məhsulun ilkin emalı”, “Traktor və kənd təsərrüfatı maşınlarının istismarı və təmiri”, “Elektrik enerjisinin kənd təsərrüfatında tətbiqi” laboratoriyaları, “Konstruktor bürosu” və “Təcrübə” emalatxanası fəaliyyət göstərib. O zaman burada bütövlükdə 46 nəfər işçi çalışmışdır ki, bunlardan da yalnız 2 nəfərin elmi dərəcəsi olmuşdur.

İnstitutun kadr potensialı artdıqca daha sonra yeni şöbələr və laboratoriyalar: “Maşınlar sistemi”, “Dağ əkinçiliyinin mexanikləşdirilməsi”, “Normativlərin işlənməsi və texniki servis”, “Maşınqayırma”, “Emal maşınları”, “Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomat-laşdırılması”, “İnformasiya təminatı”, “Alternativ enerji mənbələri”, “İnzibati təsərrüfat” , “Texniki təchizat” şöbələri və həmin şöbələrin nəzdində 10 laboratoriya; “Texniki bitkilər”, “Bağçılıq və üzümçülük”, “Yeni maşınların konstruksiya edilməsi”, “Yeni maşınların layihələndirilməsi və texniki tərtibat”, “Yem istehsalı maşınları”, “Subtropik bitkilərin qablaşdırılması və saxlanılması”, “Taxıl məhsullarının emalı maşınları”, “Ölçü cihazları və texniki vasitələr”, “Heyvandarlıq məhsullarının emalı maşınları” və Sabirabad Dayaq Məntəqəsi fəaliyyət göstərmişdir ki, burada da bütövlükdə 155 nəfər, o cümlədən 78 nəfər elmi işçi (bunlardan 20 nəfəri elmlər namizədi, 3 nəfəri isə elmlər doktoru), 77 nəfər isə digər vəzifələrdə çalışmışlar.

Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) institutun uğurları xüsusilə fərqlənmişdir.

Belə ki, institutun elmi-tədqiqat və təcrübə-konstruktor işləri ВИМ, ВИЭСХ, ГОСНИТИ, САНИИМЕ, ВАСХНИЛ, ВИСХОМ kimi aparıcı institutlar tərəfindən, eləcə də SSRİ və Respublika Kənd Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatı Texnika Birliyi tərəfindən koordinasiya edilirdi. Konstruktor işləri isə Moskva, Kişinyov, Daşkənd, Odessa, Bakı və s. şəhərlərdəki konstruktor təşkilatları ilə birgə yerinə yetirilirdi.

İnstitutun əməkdaşları Moskva, Sankt-Peterburq, Daşkənd, Tiflis və s.şəhərlərdə keçirilmiş bir sıra beynəlxalq elmi-texniki konfranslarda, simpozium və seminarlarda respublikamızı layiqincə təmsil etmiş və kənd təsərrüfatı istehsalının inkişafı problemlərinə öz tövhələrini vermişlər.

1980-ci il dekabrın 16-da Ümummilli lider Heydər Əliyev Gəncədə (keçmiş Kirovabad şəhəri) olarkən institutun alimləri tərəfindən hazırlanmış müxtəlif maşın, qurğu və avadanlıqlarla tanış olmuş, müsbət münasibətini bildirmiş və faydalı məsləhətlər vermişdir.

Bunun nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bayrağına, 1986-87-ci iliərdə isə İttifaq ET institutları arasında ixtiraciliq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur.

2015-ci ildə Aqrar Elmi Mərkəzində və institutda aparılmış struktur dəyişikliyindən sonra institutun tərkibində “Kənd təsərrüfatı məhsullarının emalı və təkrar emalı” şöbəsi, “Bağçılığın mexanikləşdirilməsi”, “Üzümçülüyün mexanikləşdirilməsi”, “Bitkiçiliyin mexanikləşdirilməsi”, “Texniki təminat, texniki istismar və aqroservis”, “Heyvandarlıqda texnoloji proseslərin və yem istehsalının mexanik-ləşdirilməsi”, “Yeni maşın və tərtibatların konstruksiya edilməsi”, “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyaları, “Texniki təchizat və təsərrüfat” bölməsi və Sabirabad Dayaq Məntəqəsi Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində fəaliyyət göstərir.

Hal – hazırda institutda 90 nəfər işçi çalışır ki, bunlardan da 43 nəfəri elmi işçi, o cümlədən 7 nəfəri texnika üzrə fəlsəfə doktoru, dosent, 3 nəfəri isə texnika üzrə fəlsəfə doktorudur. Qalan 47 nəfər mütəxəssis, laborant və köməkçi heyyətdən ibarətdir.

Ötən 60 ildə institutda bir çox tətbiq xarakterli işlər yerinə yetirilmişdir. Belə ki, pambıq və tütün çöpü xırdalayan maşın, pambığın çıxışı zamanı mexaniki seyrəldici, pambıq çiləyicisi, rotasiyalı yumşaldıcı, pambıq səpini üçün ПАБ-10 qurğu, üzümlükdə herbisid səpmək üçün çiləyici qurğu, buzovların əmizdirilməsi üçün YBTC-20 markalı qurğu, camışların və qoyunların sağımı üçün qurğular, meyvə yuyucu, doğrayıcı və quruducu qurğular və s. institutda və respublikanın müxtəlif zavodlarında hazırlanaraq müvafiq sahələrdə uğurla tətbiq olunmaqla kənd təsərrüfatında əsaslı dərəcədə iqtisadi fayda vermişdir.
Fəaliyyəti dövründə institut əməkdaşlarının 1700-dən çox elmi məqaləsi respublikanın müxtəlif elmi jurnallarında və xaricdə dərc olunmuş, 350-dən artıq ixtiraya keçmiş Sovetlər İttifaqı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti alınmışdır. 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və maşın kompleksi, 70 adda tövsiyyə, 36 kitab və monoqrafiya nəşr edilmiş, 38 yeni konstruksiyalı kənd təsərrüfatı maşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya çəklində hazırlanmışdır. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, CSSR, İran ) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri verilmişdir.

Son 15 ildə institutda hazırlanmış qurğulardan: kombinəedilmiş torpaq becərən maşınlar, meyvə və tərəvəzi qurudan qurğu, südün ilkin emalı üçün pasterizator, meyvə və tərəvəzi konservləşdirən qurğu, dəni qabığından çıxaran, xırdalayan və çeşidləyən qurğu, qarğıdalıdöyən maşın və s. fermerlərin xüsusi marağına səbəb olmuşdur. Bu maşınlardan bir neçəsi artıq Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə Gəncə Dövlət Maşın Sınaq Stansiyası tərəfindən sınaqdan keçirilərək müsbət qiymətləndirilmiş və geniş miqyasda tətbiqi məsləhət bilinmişdir. Kiçik qabaritli, az enerji sərf edən maşınlardan; quru ot doğrayan, universal-dənli yemləri xırdalayan, qarğıdalı dənini qıcadan ayıran və qozu qərzəkdən təmizləyən və yuyan maşınlar Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Kaspi-Yıldız zavodunda (Bakı şəh,) hazırlanaraq artıq istehsalata vəsiqə qazanmışdır. Həmin maşınlar “Aqrolizinq “ASC xətti ilə satışa çıxarılaraq fermerlərimizin istifadəsinə verilmişdir. Eləcə də üzümçülüyün, bağçılığın və əkinçiliyin mexanikləşdirilməsi üzrə bir sıra kombinəedilmiş maşınlar kompleksi Dövlət Sınağına verilmişdir.

Növbəti illərdə fındığı qərzəkdən təmizləyən, quru ot kipi doğrayan, tut yarpağını doğrayıb – xırdalayan, dayaz su artesian quyusu qazan və ting çıxaran maşınlar layihələndirilərək hazırlanacaqdır.

Hazırda institut “Respublikanın aqrar sənaye kompleksinin enerji və resurs qoruyucu texnologiya və texniki vasitələrlə təminatı” istiqamətində 3 problemin: “Bitkiçiliyin və heyvandarlığın kompleks mexanikləşdirilməsi üçün innovativ enerji və resurs qoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi”, “Kənd təsərrüfatı məhsullarının emalı və təkrar emalı üçün daha mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənməsi” və “Aqrar sahədə alternativ və bərpa olunan enerji resurslarından səmərəli istifadə” həlli üzrə elmi-tədqiqat işlərini davam etdirir.

İnstitutda elmi mövzular seçilərkən dövlətimizin aqrar siyasəti nəzərə alınmaqla dünya elminin nailiyyətləri və qabaqcıl təcrübələri öyrənilir, təhlil edilir, ümumiləşdirilir və eləcə də yerli fermer təsərrüfatlarının təklifləri nəzərə alınır. Fermerlərlə sıx əlaqə yaratmaqla elmi yeniliklərin həmin təsərrüfatlarda tətbiqinə çalışır, ətraf rayonlardan olan fermerlərlə mütamadi görüşlər təşkil edilir və lazımi məsləhət və tövsiyyələr verilir.

İnstitutun əməkdaşları vaxtaşırı respublikada və xaricdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edir, habelə mühüm elmi problemlərin həllinə həsr edilmiş müşavirə və seminarlar keçirir, respublika miqyaslı kənd təsərrüfatı sərgilərində iştirak edirlər.

İnstitutda kadr hazırlığı doktorantura yolu ilə aparılır. Ötən 60 il ərzində 200 nəfərə qədər elmi işçi öz dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi almışlar ki, bunlardan da 5 nəfər texnika elmləri doktoru olmuşdur. Digər elmi nailiyyətlərimizə gəldikdə isə, son 15 ildə:

– İxtiraya alınan patentlər (RFvə milli)_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 34ədəd
– Dərc olunmuş elmi məqalələr (yerli
və xarici jurnallar) _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _396ədəd
– Nəşr olunmuş kitablar _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 5ədəd
– Elmi əsərlər məcmuəsi_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 7ədəd
– Tövsiyyələr_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ 38ədəd
– Hazırlanmış təcrübi qurğular_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 31ədəd
– Dövlət sınağından keçənlər_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 16ədəd
– Zavod şəraitində partiya şəkilində
hazırlananlar_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ 4 ədəd
– İstehsalata tövsiyyə olunanlar_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 12 ədəd
– Mətbuatda çıxışlar(qəzet və TV-də) _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 42 dəfə
– Doktoranturada təhsil alanlar_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 47 nəfər
– Müdafiə edilmiş dissertasiya işləri_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 28 ədəd
olmuşdur.

Hal-hazırda institut ölkəmizdəki bir sıra elm və təhsil ocaqları ilə, eləcə də Ümumrusira ET Elektrikləşdirmə İnstitutu, Ümumrusiya ET Mexanikləşdirmə İnstitutu, Ümumrusiya ET Texnoloji İnstitutu, Belarusiya Milli Elmlər Akademiyası Kənd Təsərrüfatının Mexanikləşdirilməsi üzrə Elmi-Praktik Mərkəzlə, Gürcüstan ETKT Mexanikləşdirməsi İnstitutu, BMT-nin beynəlxalq FAO, İKARDA təşkilatları, Azərbaycan Aqrar Elm və İnnovasiya Mərkəzi, “Aqrolizinq” ASC və Kaspi-Yıldız zavodu (Bakı şəh.) ilə elmi, yaradıcılıq əməkdaşlığı aparır.

Dövlətimiz tərəfindən instituta daima xüsusi diqqət və qayğı göstərilir.

Beləki, 2003-cü illə müqayisədə 2018-ci ildə institutun büdcə smetası 36 dəfə, əsas vəsaitlər 2,95 dəfə, orta aylıq əmək haqqı isə 58 manatdan 305 manata qədər yüksəlmişdir, yəni 5,2 dəfə artmışdır.

İnstitutun əməkdaşlarından müxtəlif vaxtlarda 2 nəfərinə keçmiş Sovetlər birliyinin Əməkdar ixtiraçısı, 2 nəfərinə respublikanın Əməkdar mühəndisi, 2 nəfərinə respublikanın Əməkdar kənd təsərrüfatı işçisi fəxri adları verilmiş, bir nəfər “Şərəf ordeni”, bir nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Gələcəkdə institutda Xüsusi Konstruktor Bürosunun (XKB) fəaliyyətinin bərpası, sadə kənd təsərrüfatı maşınqayırma sənayesinin bazasının yaradılması və dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab vermək əsas vəzifə olaraq qarşımızda durur.