Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Çiləyicilərdən və gübrəsəpənlərdən istifadənin nümayişi” mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, Şəki rayon İcra Hakimiyyətinin məsul şəxsləri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər. Müşavirədə təchizatçı şirkətlər tərəfindən innovativ çiləyicilərin, gübrəsəpənlərin, mineral gübrələrin və pestisidlərin tarla şəraitində nümayişi olmuşdur. Tədbirdə institutun “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının bir qrup əməkdaşı: laboratoriya müdiri Nağıyev E.M., aparıcı elmi işçi Məmmədov M.F., böyük elmi işçi Qurbanov H.N. iştirak etmişlər.
Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən innovativ texnikalar və kənd təsərrüfatı istehsal vasitələrinin satış qaydaları barədə fermerlərin məlumatlandırılması, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, onlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırma işlərinin aparılması, təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasına nail olmaqdır. Tədbir çərçivəsində taxıl əkinlərində üzvi və mineral gübrələrin əhəmiyyəti, zərərvericilərə və alaq otlarına qarşı innovativ texnikalardan istifadə edərək səmərəli mübarizə tədbirlərinin təşkili barədə fermerlərə ətraflı məlumat verilib. Müşavirədə taxılçıqla məşğul olan fermerlərə payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirlərinin sürətləndirilməsi tövsiyə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb. Müşavirə iştirakçılarına institutun alim və mütəxəssisləri tərəfindən də bitkiçilikdə mövsümi işlərlə bağlı görüləcək aqrotexniki tədbirlər, qulluq, becərmə işləri, yazlıq əkinlər üçün torpağın hazırlanması, səpin işləri ilə bağlı geniş şəkildə məlumatlar verilmişdir.
“Tarla müşavirəsi”ndən foto görüntüləri diqqətinizə çatdırırıq.