01 mart 2022-ci il tarixində “Aqrar İnnovasiya Festivalı”nın növbəti nümayişi Ucar rayonunda keçirilmişdir. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Aqrar Sığorta Fondu, “Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” və bir sıra yerli şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.
Festivalda ETİ tərəfindən intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və bir sıra kənd təsərrüfatı texnikalarının təqdimatı olub. Festivalda yerli şirkətlər tərəfindən kənd təsərrüfatının intensiv inkişafına təkan verə biləcək müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi də keçirilib.
Festivalda iştirak edən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu tərəfindən “Modul tipli istixananın işlək imitasiya modeli”, “İpəkqurdu yumurtasının inkubasiyası qurğusu”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Avtomatik idarə sisteminə malik olan yaşıl yem ( hidroponik sistem) istehsal edən qurğu modeli”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” qurğular nümayiş etdirilib.
Festival zamanı tədbir iştirakçılarına, fermerlərə nümayiş olunan innovativ texnikaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə institut əməkdaşları tərəfindən ətraflı məlumat verilib, kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib.
“Aqrar İnnovasiya Festivalı”ndan foto və video görüntüləri diqqətinizə çatdırırıq: