Azərbaycanda fındıq ixracatına görə dünyada Türkiyə və İtaliyadan sonra üçünçü yeri tutur. Ötən il 240 milyon manatlıq meyvə ixrac olunub ki, bunun da 125 milyon manatı fındığın payına düşüb. Odur ki, ölkəmizdə digər sahələrlə yanaşı fındıqçılığın inkişafına, əkin sahələrinin genişləndirilməsi isə həmçinin məhsuldarlığın artırılmasına xüsusi əhəmiyyət verilir.
Müqayisə üçün qeyd edək ki, əgər 2016-cı ildə ölkə üzrə 40 min hektar fındıq bağları var idisə, hazırda bu rəqəm 84 min hektarı ötmüşdür. Yeni salınan fındıq bağlarının, coğrafiyası da dəyişmişdir. Demək olar ki, ölkəmizin əksər bölgələrində yeni fındıq bağları salınmışdır.
2021-ci ildən etibarən Dövlətimiz meşə fondunun boş torpaqlarında və yaxud dəniz səviyyəsindən 200 – 1500 m yüksəklikdə yerləşən dağlıq və dağətəyi zonalarda yerləşən torpaqlarda intensif üsulla fındıq bağı salmaq istəyən fermerlərimizə fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası verməyi planlaşdırmışdır. Bura həmçinin damcı suvarma sisteminin qurulması da daxildir.
Bundan əlavə intensiv bağlarda bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası, sonrakı illərdə və ənənəvi bağlara isə 240 manat əkin subsidiyası ödəniləcəkdir. Beləliklə, əgər yaxın gələcəkdə biz fındıq bağlarının ümumi əkin sahəsini 100 min hektara çatdırsaq və hektardan orta məhsuldarlığı artıraraq 1,5 ton edə bilsək, bazar satış qiyməti 4 manat olarsa, 100 min hektardan 600 milyon manat gəlir əldə edə bilərik. Çox yox, 50% məhsulu xaricə ixrac etsək, bu 300 milyon manat deməkdir. Yuxarıda qeyq olunanları və fermer təsərrüfatlarında fındıq istehsalında mexanikləşdirmə səviyyəsinin yetərincə olmadığını nəzərə alıb institutun 2021-2023- cü illər üzrə Mövzu Planına fındıqçılığın mexanikləşdirilməsində innovativ texnologiyaların, texniki vasitələrin və texnoloji axın xəttinin işlənilməsi, layihələndirilməsi və hazırlanaraq tədbiq olunması məsələsi də salınmışdır.
Bu məqsədlə əməkdaşlarımız tərəfində fındıq kollarını silkələmək üçün MTZ- 282 traktoruna qondarılan tərtibat, fındığı qərzəkdən təmizələyən, fındığı kolibrləşdirən (çeşidləyən) və kolibrləşmiş fındığı qıran maşınların təcrübi nümunələri hazırlanmış və hazırda tədqiqat- sınaq işləri aparılır.
Yekun olaraq növbəti ildə qırılmış fındıq ləpəsini qabıqdan ayıran maşının layihələndirilərək təcrübi nümunəsinin hazırlanması və bütövlükdə texnoloji axın xəttinin tədqiqi – sınağı davam etdiriləcəkdir. Aşağıda maşınların fotosunu və işi zamanı video götüntülərini Sizə təqdim edirik.