02 iyun 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və Aqromexanika Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi “Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla təminatının yaxşılaşdırılması və aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin texniki resurslarla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu qeyd edib.
Onlayn konfransda “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, sədrin müşaviri, texnika elmləri doktoru, professor İsrafil İsmayılov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Baş Direktor müavini, texnika elmləri doktoru Elşən Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “Aqromexanika” ETİ-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Kamil Fətəlıyev, Samux DAİM-in direktoru Rahil Həsənov, BDU-nun “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru, i.e.d., professor Vahid Abbasov, Aqrar Elm və İnnovasiya Mərkəzinin İnnovativ layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Sənan Zeynalov, ADAU-nun Mühəndislik fakültəsinin dekanı, professor, texnika elmləri doktoru Cəmaləddin Məmmədov, Yerüstü nəqliyyat vasitələri və texniki servis kafedrasının müdiri, dosent, texnika üzrə fəlsəfə doktoru Vaqif Mirzalıyev, kafedranın professoru, texnika elmləri doktoru Qurban Məmmədov, Kənd təsərrüfatı texnikası kafedrasının müdiri, dosent, texnika üzrə fəlsəfə doktoru Nazim Nadirov, Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, dosent, texnika üzrə üzrə fəlsəfə doktoru Nazim İsmayılov, kafedranın professoru, texnika elmləri doktoru Ziyad Abbasov məruzələrlə çıxış ediblər. Məruzələr aqrar sahənin maddi-texniki resurslar bazarının və aqroservis xidmətləri bazarının inkişafı, kənd təsərrüfatı texnikalarının lizinqi və güzəştli şərtlərlə satışı, aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili, aqrar sahədə resursqoruyucu və innovativ texnikalardan istifadə, yeni lizinq qaydalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri, aqromühəndislik sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, texniki resursların yerli istehsalının stimullaşdırılması bölmələrini əhatə edib.