05 Fevral 2020

Samuxda “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində tarla seminarı keçirilib

Yanvar ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi son illərdə nazirliyin fəaliyyətində əsas götürdüyü fermerə yaxınlıq prinsipinin reallaşmasına dəstək göstərmək, torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması məqsədi ilə elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində köməklik göstərməkdir. Layihənin əsas iştirakçıları Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutu, 48 təcrübə stansiyası və 8 Regional Aqrar Elm və İnnovasiya mərkəzinin əməkdaşlarıdır.

Bu gün layihə çərçivəsində növbəti maarifləndirici sahə nümayişi Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun təşkilatı dəstəyi ilə keçirilib. Samux rayonu ərazisindəki fermer təsərrüfatında baş tutmuş sahə nümayişində xırda heyvandarlıq təsərrüfatları üçün hazırlanmış kiçik qabaritli texnikaların istismar, nizamlanma və təhlükəsizlik qaydaları nümayiş etdirilib. Bölgə fermerlərinin, aqrotexnika sahəsi ilə bağlı şəxslərin iştirak etdikləri sahə nümayişində “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən layihələndirilmiş, patentləşdirilmiş və ölkəmizdə istehsal edilmiş quru ot doğrayan, qüvvəli yem xırdalayan, universal dən üyüdən, qüvvəli yemxırdalayan, qarğıdalı dənini qıçadan ayıran maşınlar, buzovların yemləndirilməsi üçün südəvəzedici hazırlayan qurğu, induksion qızdırıcılı süd pasterizə qurğusu, avtomatik idarə sisteminə malik olan yaşıl yem ( hidroponik sistem) istehsal edən qurğu modeli işlək vəziyyətdə nümayiş etdirilib. Fermerlərə kiçik qabaritli qurğuların az enerji sərfiyyatı, istismarı və idarə olunması, təhlükəsizlik qaydları, sahədə iş zamanı baş verəcək nöqsanların aradan qaldırılması yolları izah olunub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, şöbə müdiri Nicat Nəsirli, baş mütəxəssis Sənan Zeynalov, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Kamil Fətəliyev çıxış edərək bildiriblər heyvandarlıqla məşğul olan fermerlərin kiçik qabaritli texnika və avadanlıqlara böyük ehtiyacı var. Sahə nümayişi zamanı fermerlərə təqdim olunan texnikaların istismar qaydaları, qiyməti haqqında məlumat verilib. Bildirilib ki, qurğuların qiyməti 700-1000 manat arasında dəyişir. Bunun 40 faizi lizinq qaydasında dövlət tərəfindən ödənir, alıcı tərəfindən cəmi 20 faizi tələb olunur, yerdə qalan məbləğ faizsiz olmaqla beş ilə bölünür.

Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.