28-30 sentyabr tarixlərində Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirildi. Festival Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşıb.
Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Festivalda Kənd Təsərrüfatı Naziri İnam Kərimov və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici ölkə səfirliyinin nümayəndələri, ətraf rayonlardan dəvət olunmuş qonaqlar, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak ediblər.
Beynəlxalq festivalda “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu da iştirak edib. İnstitutun nümayiş etdirdiyi qurğular böyük marağa səbəb olub.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər şəxslər festibalda təşkil olunmuş sərgi ilə də yaxından tanış olmuşlar.
İnstitutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, yeni hazırlanmış digər qurğular, o cümlədən “Qozu qərzəkdən təmizləyən və yuyan” qurğu haqqında tədbir iştirakçılarına geniş və ətraflı məlumat verilmişdir. Məlumatlardan məmnun qalan Kənd Təsərrüfatı naziri İnam Kərimov yeni innovativ qurğuların zavod şəraitində hazırlanmasının sürətləndirilməsi ilə əlaqədar müvafiq göstərişlərini vermişdir.
Sonda festibalda iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.