Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən “Məzun – 2019” və “XI Məzun” günü yarmarkasında “Aqromexanika” ETİ-da iştirak etmişdir.
Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak edirdilər.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər şəxslər yarmarkada təşkil olunmuş sərgi ilə də yaxın tanış olmuşlar.
İnstitutun direktoru prof. Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “İnduksion qızdırıcılı süd emalı qurğusu”, “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, «İpəkçilikdə innovativ texnologiya – “Ağıllı kümxana”», “Kombinəedilmiş dişli mala” və digərləri haqqında tədbir iştirakçılarına geniş və ətraflı məlumat vermişdir. Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Məlumatlardan məmnun qalan Kənd Təsərrüfatı naziri İnam Kərimov yeni innovativ qurğuların zavod şəraitində hazırlanması və tətbiqi ilə əlaqədar müvafiq struktur bölmələrinə göstərişlərini vermişdir.
Sonda sərgidə iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.