06 aprel 2018-ci il tarixdə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə Samux, Goranboy və Göy-göl rayonun bir qrup fermerləri ilə elmi-praktiki seminar keçirmişdir. Seminarı giriş sözü ilə açan institutun direktoru Kamil Fətəliyev ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, son dörd ildə Respublikamızda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini qeyd edərək bu tədbiri aqrar elmin istehsalatla birgə əlaqəsi kimi dəyərləndirməklə bu günkü tədbirdə “Pambığın becərilməsinin sənaye texnoligiyası”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları və onlara texniki xidmətin formaları və dövriliyi” və “Kəndli fermer təsərrüfatlarında kiçik qabaritli kənd təsərrüfatı texnikalarından səmərəli istifadə” haqda aktual məsələlərin müzakirə olunacağını bildirmişdir.
Seminarda institutun əməkdaşlarından dosent Elbrus Paşayev, baş mütəxəssis Şahin Quliyev, baş konstruktor İsrayıl Məmmədov məruzələrlə çıxış edərək fermerləri maraqlandıran suallara cavab vermişlər.
Daha sonra Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru aqrar elmlər doktoru, professor Həsənəli Aslanov, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun “Seleksiya” şöbəsinin müdiri aqrar elmlər doktoru, professor Ələddin Tağıyev çıxış edərək ölkəmizdə son zamanlar pambıqçılığın inkişafından, bu sahəyə göstərilən dövlət dəstəyindən, pambıq sahələrinin intensiv yollarla becərilməsindən və bununla da məhsuldarlığın artırılamasından, eləcə də gələcəkdə yerli toxum sortlarından istifadənin səmərəliliyindən söhbət açmış, keçirilən seminarın əhəmiyyətini qeyd edəcək, onun davamlı olmasını arzulamışlar.
Seminarın sonunda institut tərəfindən zavod nümunələri hazırlanmış və “Aqrolizinq” ASC xətti ilə Gəncə, Şirvan, Ucar Təchizat Bazalarında satışa çıxarılmış quru ot doğrayan, qüvvəli yemləri xırdalayan, qarğıdalı qıçasından dəni ayıran və qozu qərzəkdən təmizləyən və yuyan kiçik qabaritli maşınların işləməsi əyani şəkildə fermerlərə nümayiş edilmişdir. Maşınlar fermerlər tərəfindən maraqla qarşılanmışdır.
Maşınların nümayişində Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev də iştirak edərək öz müsbət münasibətini bildirmişdir.