Tarix: 05 noyabr 2016-cı il
Bakı, Sumqayıt, Naxçıvan və Şəkidən sonra, Gəncə – II Azərbaycan Elm Festivalına ev sahibliyi edib. Festival çərçivəsində sərgilənən ixtiralar isə elm adamlarının zehni məhsulunun tətbiqi baxımından əhəmiyyət daşıyıb.
İnsan əməyinin sərfiyyatını azaldan qurğular, elmi cəhətdən əhəmiyyətli ixtiralar, yerli mütəxəssislər tərəfindən yaradılan müxtəlif kənd təsərrüfatı məhsullarının növləri, ən son texnoloji yeniliklər… Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-təhqiqat institutları öz nailiyyətlərini II Azərbaycan Elm Festivalı çərçivəsində təşkil olunan sərgidə nümayiş etdiriblər. Diqqət çəkən qurğulardan biri Elmi-Tədqiqat Aqromexanika İnstitutunun şöbə müdiri Şahlar Babayevin ixtirası olub. Bu qurğu qapalı şəraitdə olan dəm qazını və digər yanmamış qazları təbii yolla atmosferin yuxarı qatlarına ataraq zərərsizləşdirir.
Nümayiş olunan digər bir ixtira isə pambıq əkini ilə məşğul olan fermerlərin işini asanlaşdırmağa və məhsuldarlığı artırmağa hədəflənib. Pambıqçılıqda ənənəvi üsulla səpin zamanı hektara 70-80 kq toxum səpilir. Mütəxəssisin digər bir qurğu vasitəsi ilə hektara səpilən çiyid normasını 20-25 kq-ma endirmək olar.
Sərgidə iştirakçıların ən çox marağını çəkən isə 3D printer və bir sıra digər texnoloji yeniliklərin təqdim edildiyi stend olub. Burada 3D printer vasitəsi ilə çap olunan müxtəlif əşyalarla yanaşı, printerin iş prosesi də nümayiş etidirilib.
Bütün bu ixtiralar və elmi yeniliklərdən, o cümlədən elm adamları qarşısında duran vəzifələrdən daha ətraflı Festivalda danışılıb. Festivalın elmi nailiyyətlərin tətbiqi və təbliği baxımından önəminə diqqət çəkilib. Məqsəd müasir elmi biliklərin praktik tətbiqi ilə yanaşı gənclərin elmi-tədqiqat işlərinə marağını artırmaqdır.
Festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir. Bakıda start götürən, Naxçıvan, Sumqayıt və Şəkidə davam edən festival Gəncədə yekunlaşıb.
Gülnar Fazilqızı