Kənd Təsərtüfatı Nazirliyin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 25 aprel 2025-ci il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Heyvandarlıqda dayanıqlı inkişaf, innovasiyalar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri, aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri, fermer və sahibkarlar, o cümlədən heyvandarlıq mütəxəssisləri və baytar həkimlər iştirak edib.
Açılış üçün söz Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevə verilib. Mahir Hacıyev qonaqları və konfrans iştirakçılarını salamlayıb, konfransın məqsədi və əhəmiyyəti barədə danışıb. Heyvandarlıq sahəsində mövcud vəziyyət, problemlər və onların həll yollarından bəhs edib.
Sonra söz Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərova verilib. İbrahim Cəfərov “Ərzaq təhlükəsizliyinin təminatında bitki mühafizəsinin rolu” barədə geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu istiqamətdə inkişafa nail olmaq üçün heyvandarlıq və bitkiçilik sahəsində çalışan elm adamları və mütəxəssislər birgə çalışmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin “Elm, təhsil və insan resursları” şöbəsinin müdir müavini, sektor müdiri Emin Əliyev də nitqi zamanı heyvandarlığın mövcud vəziyyəti, Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdəki mövqeyi, dövlət dəstəyi və gələcək perspektivlərdən danışıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsi, “Zootexniki xidmətlər” sektorunun müdiri Tərlan Əsgərov çıxış edib. Tərlan Əsgərov aqrar sahənin inkişafında gənclərin rolu, mütəxəssis hazırlığı, kadr potensialı barədə danışıb. Bu istiqamətdə bütün əlaqədar sahələrin birgə fəaliyyətinin önəmini vurğulayıb.