Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq festivalı” keçirilib. Festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verildiyini deyib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Meyvə və giləmeyvələrin ixracda xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov əlavə edib ki, Nazirlik fermerlərin istehsal etdikləri məhsulların birbaşa satışının təşkil olunması və fəaliyyətinin genişləndirməsi üçün mütəmadi festival və sərgilərin keçirilməsini dəstəkləyir.
Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular haqqında məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: