Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə yekun Aqrar Biznes Festivalı keçirilib. Festivala Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarından fermerlər qatılıblar.
Heydər Əliyev Mərkəzində keçirilən festivalda müxtəlif gübrə və pestisidlər, müasir texnika və aqreqatlar, yeni texnologiyalarla yanaşı, bu iqtisadi rayonda fəaliyyət göstərən yerli şirkətlərin məhsulları nümayiş olunub. Festival çərçivəsində “Qazax-Tovuz iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu və aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin mütəxəssislərinin iştirakı ilə bölgənin tərəvəzçilik, taxılçılıq və heyvandarlıq istiqamətlərində mövcud vəziyyət və innovativ texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub.
Festival çərçivəsində COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.
Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Xudayar Məmmədov institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Tut yarpağınını doğrayan qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli” “Qozu qərzəkdən təmizləyən qurğu”, “Fasiləli iş rejimli yağ emal edən qurğu” və s. institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: