Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərşəkər” MMC, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və fermerlər iştirak ediblər.
500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsi olmuşdur.
Tədbirin sonunda müşavirə iştirakçılarına sərgiyə qoyulmuş kənd təsərrüfatında tətbiq olunan ən müasir innovativ maşın və avadanlıqlar, suvarma sistemləri, orqanik gübrələr, biopreparatlar, həmçinin əyani şəkildə “strip till” texnologiyası ilə ehtiyatlara (yanacaq, əmək, vaxt, gübrə, herbisid, suvarma suyu) qənaət edən, torpağın münbitliyini bərpa edən, atmosferə ötürülən karbon qazının azaldılmasına təsir göstərən, traktorun bir gedişində dörd əməliyyatı yerinə yetirə bilən aqreqatla pambıq çiyidi səpini, xəstəlik və ziyanvericilərlə mübarizə məqsədi ilə kənd təsərrüfatında istifadə olunan yeni model dronun, eləcə də ən müasir pivot suvarma sistemlərinin işi nümayiş olunmuşdur.
Müşavirədə institutumuzun bir qrup alimləri də iştirak etmişlər.
Tədbirin sonunda tətbiq edilən qabaqcıl təcrübənin yayılması istiqamətində iştirakçılarala qarşılıqlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılmışdır.
Tədbirdən foto və video görüntüləri diqqətinizə çatdırırıq: