İnstitutda ADAU-nun “Mühəndislik” fakültəsinin Buraxılış kurs (ıv kurs) tələbələrinin istehsalat təcrübəsi müvəffəqiyyətlə davam etdirilir. Tələbələr 01 Mart 2024-cü il tarixdən institutumuza ezam olunmuşlar. 18 həftəlik istehsalat təcrübəsi zamanı onlar burada nəzəri təlim dövründə qazanılmış biliklərini praktikada əyani şəkildə möhkəmləndirmək imkanı qazanacaqlar.
Bağçılıq, heyvandarlıq, taxılçılıq, örtülü torpaq əkinçiliyi, habelə, patent və innovasiyalar üzrə ixtisas laboratoriyalarında tələbələr ardıcıl tədris qrafiki əsasında təcrübi vərdişlər əldə edirlər. Buraxılış kurs tələbələrinə institutun tanınmış alim və mütəxəssisləri tərəfindən aqrar elmin qabaqcıl son texniki nailiyyətləri, mütərəqqi innovativ texnologiyalar, eləcə də, yeni maşın və qurğular, patent almış faydalı modellər nümayiş olunur, onların iş prinsipi, iqtisadi səmərəliliyi ətraflı izah edilir.
Professor Şahlar Babayevin və dosent İlqar Hacıyevin rəhbərlik etdikləri tədqiqat laboratoriyalarında təcrübə proqramı uğurla başa çatmış, hazırda tələbələrlə İnstitutun “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasında praktik təlim – tədris proqramı davam etdirilməkdədir.
Aşağıda təqdim edilən videosüjetdə laboratoriya müdiri t.f.d. Füzuli Səddinov və baş mütəxəssis Əlövsət Hüseynov tərəfindən istixana şəraitində pomidor tərəvəz bitkisinin yetişdirilməsində ən yeni innovativ metod olan Ozonlaşdırılmış sudan istifadə texnologiyası tələbələrə yerində ətraflı izah olunur.