“Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda Şəmkir rayonunda “Tarla seminarı” keçirilmişdir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, elmi-tədqiqat institutlarının nümayəndələri, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
İştirakçılara “Strip till” texnologiyasının respublikanın müxtəlif bölgələrində aparıldığı əkinlər və onların mövcud vəziyyətinə dair video təqdimat olmuş, tarlada müasir əkin və suvarma texnologiyalar ilə becərilən qarğıdalı sahəsinə baxış keçirilmiş və tarlada “Strip till” texnologiyası ilə arpa səpini nümunəsi göstərilmişdir. Bundan başqa, “Draqon – line” – müasir növ hibrid suvarma sistemləri ilə iştirakçılar tanış olmuş və onların üstünlükləri göstərilmişdir.
Seminar çərçivəsində fermerlər “Azərşəkər” MMC-nin iş prosesi ilə tanış olublar. Fermerlərə qarğıdalının istehsalı, bu prosesdə tətbiq edilən aqrotexniki qaydalar, ümumiyyətlə, qarğıdalı ilə bağlı nəzəri və praktik məlumatlar verilib. Təqdimat zamanı fermerlərə bildirilib ki, tətbiq olunan bu üsullar keyfiyyət və məhsuldarlıq baxımından yüksək nəticə əldə etmək üçün uğurludur. Seminarın keçirilməsində əsas məqsəd fermerlərin maarifləndirilməsi, qazandıqları bilik və bacarıqların öz təsərrüfatlarında tətbiq edilməsi, həmçinin qarğıdalı istehsalında ixrac potensialının artırılmasıdır.
Seminarda “Aqromexanika” ETİ-nin direktoru Kamil Fətəliyev və həmin institutun “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri Elmar Nağıyev iştirak etmişlər.
Tədbirin sonunda tətbiq edilən qabaqcıl təcrübənin yayılması istiqamətində fermerlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılmışdır.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: