Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İnnovasiya Mərkəzi”nin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilmişdir.
“Ağstafa Aqrar Sənaye Kompleksi”nin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb.
Festival çərçivəsində kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü – 2023” keçirilmişdir.
Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.
“Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.
Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.
Ağstafa Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Xudayar Məmmədov institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Ozonator qurğusu” və s., institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Qeyd edək ki, Ağstafa rayonunda təşkil edilən festival “Aqrar İnnovasiya Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən sayca 20-ci tədbirdir.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: