Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Bərdə rayonunda keçirilib. Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib.
Açılış mərasimində çıxış edən Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, festival kənd təsərrüfatı məhsul istehsalçıları ilə peşə təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə peşə təhsili sahəsində aparılan islahatların öz nəticəsini göstərməyə başladığını və qəbul olunun tələbə sayının son 3 ildə 50 faizdən çox artaraq 19 minə çatdığını qeyd edib. Emin Əmrullayev bildirib ki, peşə təhsilinin iqtisadiyyatın bütün sahələri ilə əlaqəli şəkildə inkişafı olduqca əhəmiyyətlidir.
Tədbir zamanı aqrar sahənin inkişafı məqsədilə prioritet istiqamətlər üzrə fermerlər üçün təlimlər təşkil edilib. Festivalın gedişində, həmçinin peşə təhsil müəssisələrinin tələbələri üçün kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə suvarma, bitki mühafizə tədbirləri sahəsində fəaliyyət göstərən özəl şirkətlər tərəfindən məlumat sessiyaları keçirilib.
İctimaiyyət nümayəndələrinə məlumat verilib ki, peşə təhsil müəssisələri arasında xüsusən Bərdə Peşə Liseyi kənd təsərrüfatı baxımından böyük imkanlara sahibdir. 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT, sənaye kimi yüksək tələbat olan sahələrdə təhsil alırlar.
Festival Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilib.
Bərdə Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və “Tut yarpağınını doğrayan qurğu” , “Ozonator qurğusu”, institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq.