20 may 2023-ci il

Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) sərgisi keçirilmişdir.

Bu il “Caspian Agro” sərgisində dünyanın 31 ölkəsindən ( ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail,Hindistan və s.) 479 şirkət iştirak etmişdir.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, sayca 16-cı olan bu sərgi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyətə başlayan sərgi də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Nazir qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

Nazir əlavə edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan bu gün fəaliyyətə başlayan sərgi kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunduğu pavilyonda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş stend də quraşdırılıb. Pavilyonda nazirliyin elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, startap müsabiqələrin qaliblərinin təqdim etdiyi məhsul və aqrar həllər, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.

Qeyd edək ki, “Caspian Agro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçirilmişdir.

Sərgidə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu da iştirak etmişdir. İnstitutda kəndli-fermer təsərrüfatları üçün nəzərdə tutulan innovativ “Karusel tipli yaşıl yem hazırlayan” və “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan universal qoşqulu traktor” modelləri nümayiş olunmuşdur.

Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.

Sərgidən foto görüntüləri diqqətinizə çatdırırıq.