14 oktyabr 2022-ci il

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

Yeni formatda təşkil olunan bu festival sərgi və nümayiş, aqrobiznes görüşləri, panel müzakirələri, startap zonalar, təlim və məlumat sessiyaları olmaqla bir neçə bölmədən ibarət olub.
Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.

“Aqrar İnnovasiya Festivalı”nda “Aqromexanika” ETİ-u da iştirak etmişdir.

İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Ziyarətçiləri maraqlandıran suallar cavablandırılmiş, tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” və s. adlı tövsiyələr, bukletlər təqdim olunmuşdur. Sonda “Aqrar İnnovasiya Festifalı”nda iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.

“Aqrar İnnovasiya Festivalı”ndan foto görüntüləri diqqətinizə çatdırırıq: