16 avqust 2022-ci il tarixində Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
“AqroVit MMC”-də təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər.
Festivalda kənd təsərrüfatı təyinatlı texnikalar, bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri, müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub.
Festivalda “Teknofest Aerokosmik və Texnologiya Festivalı”nın qaliblərinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin hazırladıqları prototiplər də təqdim olunub.
“Aqrar İnnovasiya Festivalı”nda “Aqromexanika” ETİ-u da iştirak etmişdir.
İnstitutun elmi işlər üzrə direktor müavini əvəzi Xudayar Məmmədov institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli” və institutda son illərdə alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Ziyarətçiləri maraqlandıran suallar cavablandırılmiş, tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” və s. adlı tövsiyələr, bukletlər təqdim olunmuşdur.
“Aqrar İnnovasiya Festivalı”ndan foto görüntüləri diqqətinizə çatdırırıq: