24 iyun 2022-ci il tarixində “Aqrar İnnovasiya Festivalı”nın növbəti nümayişi Ağstafa Aqrar Sənaye Kompleksində keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, fermerlər, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.
Festival zamanı ölkədə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər.
“Aqrar İnnovasiya Festivalı”nda “Aqromexanika” ETİ-u da iştirak etmişdir.
İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Ziyarətçiləri maraqlandıran suallar cavablandırılmiş, tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” və s. adlı tövsiyələr, bukletlər təqdim olunmuşdur.
“Aqrar İnnovasiya Festivalı”ndan foto görüntüləri diqqətinizə çatdırırıq: