“Aqromexanika” ETİ-nun ”İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”nun ilkin sınağı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsi əsasında “Tut ipəkqurdu” laboratoriyasında yerinə yetirilmişdir. Nəticələr qənaətbəxş, qrenanın dirilmə isə 98,5 %-ən yüksək olmuşdur.
Qurğuda inkubasiya üçün tələb olunan rejimlər: temperatur, rütubət, işıqlandırma və havalandırma əvvəlcədən verilmiş tapşırığa uyğun olaraq avtomatik tənzimlənir. 10…12 gün ərzində qrenanın oyadılması prosesi başa çatır və sənaye əsasında oyadılmış qrena daha keyfiyyətli olur.
Hal-hazırda Respublikamızda yeni istifadəyə verilmiş Qax Damazlıq İpəkçilik Mərkəzində sənaye əsasında tut ipəkqurdu yumurtası (qrena) oyadılır və bəslənilməsi üçün lazımi bölgələrə göndərilir. Lakin, aparılmış tədqiqatların nəticəsi göstərmişdir ki, qurdlar 35 km-dən uzaq məsafəyə aparıldıqda tələb olunan rejim: istilik, rütubət, işıqlandırma və havalandırma kəskin şəkildə pozulduğundan qurdların sağlamlığına çox pis təsir edir və son nəticədə məhsuldarlıq aşağı düşür. Ona görə də, qrenanın barama qurdu bəslənəcək istənilən bölgədə oyadılması daha məqsədəuyğundur.
Təklif olunan yeni qurğunun əsas üstünlüyü onun, barama qurdu bəsləniləcək istənilən bölgədə quraşdırılmasının mümkünlüyüdür. Qurğu ilə bir dəfəyə 80 qutu (2,4 kq-a qədər) qrenanı oyatmaq olar. Bölgənin tələbatına uyğun olaraq bir yox, bir neçə qurğudan istifadə oluna bilər.
Qurğunun digər üstünlüyü, iqlim şəraitindən asılı olaraq, tut ağaclarının yarpaqlama müddətində, hər bölgədə qurğudan istifadə oluna bilməsidir.
Daha bir üstünlük isə, mövsüm ərzində bir neçə dəfə qrenanın oyadılmasını və bəslənməsini həyata keçirmək mümkündür.
Gələcəkdə qurğunun Respublika üzrə geniş tətbiqi nəzərdə tutulur.