Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 14-cü “Məzun yarmarkası” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
“Məzun günü” yarmarkasında “Aqromexanika” ETİ-da iştirak etmişdir.
İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sonda sərgidə iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.
Tədbirdən foto və video görüntüləri diqqətinizə çatdırırıq.