18-20 may tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgisi keçirilmişdir.
“Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgi olub, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün praktiki vasitə kimi özünü doğrultmuşdur. Belə ki, sərgi kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. Bu il “Caspian Agro” sərgisində dünyanın 24 ölkəsindən (ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan və s.) 449 şirkət iştirak etmişdir.
Burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının elmi nailiyyətləri də nümayiş olunmuşdur.
Sərgidə “Smart Aqro” istiqamətli “Ağıllı kənd”, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları bölmələri ziyarətçilərin xüsusi marağına səbəb olmuşdur. Sərginin işgüzar proqramı çərçivəsində mayın 18-də “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçirilmişdir. Burada artıq icrasına başlanan işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr də təqdim olumuşdur.
“İmprotex İndustries” MMC-nin sərgidə nümayiş etdirdiyi texnikalar: müxtəlif qoşqu və yarım qoşqular, platforma və çənlər yerli istehsal olub, dünya standartlarına tam cavab verir. “İmprotex İndustries” zavodunun istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa şərait yaradır. Onu da qeyd edək ki, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu ilə “İmprotex İndustries” MMC arasında 2022-ci ildə bağlanmış “Əməkdaşlıq Müqaviləsi”nə əsasən institutda işlənmiş doqquz adda maşın və qurğuların istehsalı nəzərdə tutulmuşdur.
Sərgini institutun bir qrup əməkdaşı ziyarət etmişdir.
Sərgidən foto görüntüləri diqqətinizə çatdırırıq: