29.04.2022-ci il
İnstitutun əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”nun ilkin sınağı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsi əsasında “Tut ipəkqurdu” laboratoriyasında yerinə yetirilmişdir.
İpəkqurdu yumurtasının (qrenanın) adi şəraitdə inkubasiyasından fərqli olaraq, qurğuda inkubasiya üçün tələb olunan rejimlər; temperatur, rütubət, işıqlandırma və havalandırma əvvəlcədən verilmiş tapşırığa uyğun olaraq avtomatik tənzimlənir. Beləki, soyuducudan (4°C) götürülmüş qrenanı qurğuda temperaturu (18÷25 °C), rütubəti (70÷75 %) hüdudlarında saxlamaqla və vaxtaşırı işıqlandırma, havalandırma aparmaqla 10¸12 gün müddətində qrenanın oyadılması prosesi başa çatır və sənaye əsasında oyadılmış qrena daha keyfiyyətli olur.
Hal-hazırda Respublikamızda yeni istifadəyə verilmiş Qax Damazlıq İpəkçilik Mərkəzində sənaye əsasında tut ipəkqurdu yumurtası (qrena) oyadılır və bəslənilməsi üçün lazımi bölgələrə göndərilir. Lakin, aparılmış tədqiqatların nəticəsi göstərmişdir ki, qurdlar 35 km-dən uzaq məsafəyə aparıldıqda tələb olunan rejim: istilik, rütubət, işıqlandırma və havalandırma kəskin şəkildə pozulduğundan qurdların sağlamlığına çox pis təsir edir və son nəticədə məhsuldarlıq aşağı düşür.
Təklif olunan yeni qurğunun əsas üstünlüyü onun, barama qurdu bəsləniləcək istənilən bölgədə quraşdırılmasının mümkünlüyüdür. Qurğu ilə bir dəfəyə 2,4 kq-a qədər qrenanı oyatmaq olar. Bölgənin tələbatına uyğun olaraq bir yox, bir neçə qurğudan istifadə oluna bilər. Həmçinin tut yarpağının əmələ gəlmə müddətindən asılı olaraq hər bölgədə fərdi qaydada qurğudan istifadə edilə bilər.
Bütün bunlarla yanaşı mövsüm ərzində bir neçə dəfə qrenanın oyadılmasını və bəslədilməsini həyata keçirmək mümkündür.
Gələcəkdə qurğunun Respublika üzrə geniş şəkildə tətbiqi nəzərdə tutulur.