Azərbaycan Dövlət Aqrar Universitetinin əyani təhsil formasının “Aqromühəndislik” ixtisası üzrə azərbaycan və rus bölmələrinin bir qrup IV kurs tələbələri artıq iki aya yaxındır ki, institutda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi may ayının 24-nə qədər davam edəcəkdir. Tələbələrin institutda aparılan elmi işlərlə, hazırlanmış təcrübi qurğularla, elmi-tədqiqatın aparılma metodikası və s. ilə yaxından tanış olmaları nəzərdə tutulmuşdur. İstehsalat təcrübəsi institutun laboratoriyalarında qrafik üzrə aparılır.
Hal-hazırda tələbələr institutun “Bağcılığın mexanikləşdirilməsi” və “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyalarında aparılan işlərlə tanış olurlar. Laboratoriya müdiri Elbrus Paşayev onlara fındığın qərzəkdən təmizlənməsi, çeşidlənməsi və qırılması qurğularının iş prinsipi və işləmə qaydası haqqında, laboratoriya müdiri İlqar Hacıyev onlara dənli və dənli paxlalı bitkilərin məhsulunun termiki emal edən qurğunun quruluşu və iş prinsipi haqqında məlumat vermişdirlər.
Tələbələrə eyni zamanda tarla şəraitində elmi-tədqiqat işlərinin aparılma qaydası və alınmış nəticələrin təhlil olunması haqqında da məlumat veriləcəkdir.
İstehsalat təcrübəsindən foto və videogörüntüləri diqqətinizə çatdırırıq.